Bu gün Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 31 il ötür.
“Qərb Xəbər“ xatırladır ki, manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci əsginasları 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 15 iyul tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub. Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginaslar, noyabrda 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əsginas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1 000 manat nominallı kağız əsginaslar dövriyyəyə buraxılıb.