“Məzarıma nə baş daşı qoyun,nə heykəl.
Bir cüt ayaqqabı qoyun,ayağıyalın geyib getsin….” -deyən xalq şairi Vaqif Səmədoğlunun anım günüdür.
Vaqif Səmədoğlu 1939-cu il iyunun beşində Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.
Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri vəzifələrində çalışıb.
1962-1963-cu ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.
Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.
“Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 2000-ci ildə Milli Məclisin deputatı seçilib.
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i Bakıda dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
2019-cu ilin iyununda Qazax rayonunun “Fəxri qazaxlılar” parkında Vaqif Səmədoğlunun büstünün açılışı olub.