Tovuz rayon Muncuqlu kəndində 10 gündən artıq bir müddətdir ki, elektrik enerjisinin verilməsində problemlər yaşanır. Sakinlər bununla şikayət bildirib və “Qərb Xəbər”ə müraciət ediblər.
İşıq məsələsi ilə bağlı “Qərb Xəbər”ə danışan kənd sakini Elvin Türksoy bildirib ki, kəndin elektrik xətləri sovet dövründən qalmadır: “10 gündən artıqdır ki, bizdə elektrik enerjisi var, lakin gərginlik gah artıb, gah da azalır. Belə deyim demək olar ki, məişət əşyalarının istifadə eləmək mümkünsüzdür. Yəni ancaq televizor, telefonlar filan. Kompyuter qoşmağa qorxuruq ki, istənilən an güclənə bilir, istənilən an zəifləyə bilir. Bizdə bunla bağlı qaynar xətdə müraciət etmişik. Kəndin elektrikinə də müraciət etmişik. Onlarda bu gün, sabah düzələcək deyirlər. Bizim kəndin elektrik xətləri sovet dövründə qalan xəttlərdir. Meşədən gələn xəttlərdir. Buna görədə hamısı ağaclara toxunur. Ona görə də mütəmadi olaraq kəndin elektrik enerjisinin verilməsində problem yanarır. Uzun illərdir belədir”.
“Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsi rəisi müavini Pərvanə Kazımovanın “Qərb Xəbər”ə verdiyi məlumata görə problem yaxın zamanda öz həllini tapacaq: “Kənddə hazırda işığın verilməsində heç bir problem yoxdur. Sadəcə işıq zəifdir. Kəndin transformatoru dəyişdirilməlidir. Bununla da bağlı müvafiq tapşırıq verilib”.
Vüqar Mehtizadə