Avropa Parlamentinin (AP) üzvləri Macarıstanın Baş naziri Viktor Orbanın Ukrayna münaqişəsi ilə bağlı sülh missiyasından sonra Macarıstanın səsvermə hüququndan məhrum edilməsini tələb ediblər.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Politico” parlamentarilərin müvafiq məktubuna istinadən yazır.
Məktubda 63 deputat Avropa Komissiyasının sədri Ursula Von der Leyen, Avropa Şurasının prezidenti Şarl Mişel və parlamentin rəhbəri Roberta Metsolaya müraciət edib. Onlar Orbanın “şura sədri rolundan sui-istifadə edərək əhəmiyyətli zərər verdiyini” qeyd ediblər. AP nümayəndələrinin sözlərinə görə, Moskva və Pekinə səfərləri zamanı Orban “səlahiyyətlərini təhrif edib”.
“Bu, Macarıstanın şurada səsvermə hüququnun dayandırılması kimi real addımları tələb edir, çünki təcrübə göstərir ki, bu vəziyyətin sadəcə şifahi şəkildə pislənməsi heç bir təsir göstərmir”, məktubda deyilir.
Xatırladaq ki, iyulun 1-dən Macarıstanın Aİ Şurasına sədrliyi başlayıb. Bundan sonra Orban Ukrayna münaqişəsinin həllinə yönəlmiş sülh missiyası ilə bir sıra ölkələrə səfər edib. Onun ilk dayanacağı Kiyev olub, daha sonra Moskva, Pekin və Vaşinqtona gedib. Səfərlərinin nəticələrinə əsasən, Orban Ukraynadakı münaqişənin həlli ilə bağlı Avropa ölkələrinin liderlərinə təkliflər göndərib.