Avropa İttifaqı (Aİ) 2035-ci ilə qədər daxili hərbi satınalmaları sürətləndirməyi hədəfləyir.
Qerbxeber.com xəbər verir ki, bu barədə “Bloomberg“in Avropa Müdafiə Sənayesi Strategiyası qanun layihəsinin detallarına dair məlumatında bildirilib. Qeyd olunub ki, Rusiya-Ukrayna münaqişəsi Aİ sənayesinin məhdudiyyətlərini və onun digər ölkələrdən asılılığını ortaya çıxarıb. Bundan başqa, ittifaq onilliklər ərzində kifayət qədər sərmayə qoymadığı üçün istehsal gücünü artıra bilmir, həmçinin qiymətlərin artmasından əziyyət çəkir.
Strategiyaya görə, Aİ döyüş sursatı və pilotsuz təyyarələr kimi müdafiə avadanlıqlarının kütləvi istehsalı qabiliyyətinə malik olmalıdır. Bu strategiyanın həmçinin, bloka daxil olmayan üçüncü ölkələrdən hazır avadanlıq almaqdansa, birgə investisiyalar və birgə satınalmaları tələb edəcəyi bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Fransa və Hollandiya Çexiya Baş naziri Petr Fialanın Aİ hüdudlarından kənardan Ukrayna üçün artilleriya sursatı almaq planını dəstəkləyib. Çexiyanın təklifini daha 15 Avropa ölkəsinin də dəstəkləyə biləcəyi qeyd olunub.