Həmas Misir və Qətərin vasitəçiliyi ilə iki girovu azad etdiyini açıqlayıb.
İsrail baş nazirinin ofisi azad edilən girovların 79 yaşlı Nurit Cooper və 85 yaşlı Yocheved Lifshitz olduğunu təsdiqləyib.
Mətbuatda yayılan görüntülərdə sərbəst buraxılan iki qadının xərəkdə təcili yardım avtomobilinə aparıldığı görünür.
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin əməkdaşları girovların Həmasdan alınaraq İsrail hakimiyyətinə təhvil verilməsində rol oynayıblar.
İki yaşlı qadının azad olunmasını Həmasın silahlı qolu sayılan Əl-Qasım Briqadaları elan edib.
Girovluqdan azad olunan Yocheved Lifshitzin qızı Sharone Lifshitz deyib ki, anası buraxılsa da atasından hələ də xəbəri yoxdur, o da girov götürülüb.
Sharone Lifshitz bildirib ki, atası ilə anası eyni yerdə olmayıblar, ona görə də anam onun harada olduğunu bilmir.
“Atam getdikcə zəifləyirdi. Onların hər ikisi çox mehriban insanlardır, ailə adamlarıdır. Onlar həqiqətən ailəyə ev sahibliyi etməyi sevirdilər və atam kibbutzda siyasi işlərlə çox məşğul idi. O, fələstinlilərin hüquqları ilə çox məşğul idi və qonşularımızla sülh üçün çalışırdı”, – Sharone Lifshitz deyib.
Onun sözlərinə görə, atası fələstinlilər ilə israilliləri nəzərdə tutaraq hər zaman “birlikdə yaşamağın bir yolunu tapmalıyıq” deyib, bu “işğal ideyasına, əbədi müharibə ideyasına qarşı çox mübarizə aparıb”.
Sharone Lifshitz deyib ki, atası yaxşı ərəbcə danışır, Qəzzada bir çox insanı tanıyır, buna görə də oradakı insanlarla çox yaxşı ünsiyyət qura bilər.
Onun sözlərinə görə, anası girovluqdan qayıdanda danışıb ki, onlara qayğı göstərilib və orada həkim olub, buna görə də bunu bilmək “hər kəsə çox rahatlıq verir ki, müalicə var”.
Rəsmi Təl-Əviv bəyan edib ki, “bütün girovları İsrailə qaytarmaq üçün” çalışır.
Həmasın silahlı qanadı sayılan Əl-Qasım Briqadaları girovların azad olunmasını göstərən video yayımlayıb, videoda iki girovun tibb işçilərinə necə təhvil verildiyi də göstərilir.
Videoda iki qadına yemək və isti içkilər də verildiyi görünür.
Videonun sonunda 85 yaşlı Yocheved Lifschitz üzünü örtərək kamuflyaj geyinmiş bir adamla əl-ələ tutur, sonra arxaya dönüb eyni döyüşçünün əlini sıxır və tibb işçilərinə təhvil verilir.
Bununla Həmasın azad etdiyi israilli girovların sayı dördə çatıb, iki girov da ötən həftənin cümə günü azad edilib.
Azadlığa çıxan Nurit Cooperin (sağda) 79 yaşı var
@BBC