İsrail ordusu “Qəzza şəhərini tamamilə mühasirəyə” aldıqlarını bildirib və Həmasın istifadə etdiyi atış nöqtələrinə zərbələr endirib.
“Qərb Xəbər” məlumat verir ki, Qəzza şəhəri müharibə başlamamışdan əvvəl Qəzza sektorunun ən böyük və ən sıx məskunlaşmış ərazisi olub.
BMT bildirib ki, Qəzzada sığınacaq kimi istifadə edilən məktəblərə son 24 saat ərzində İsrailin hücumları nəticəsində zərər dəyib.
Qurumun Fələstinli Qaçqınlar üzrə Agentliyinin (UNRWA) yaydığı məlumata görə hücumlar nəticəsində Cabalia qaçqın düşərgəsində yerləşən məktəbdə ən azı 20 mülki şəxs ölüb.
Bu arada Livanda yerləşən Hizbullah silahlı qruplaşması Livan-İsrail sərhədində yerləşən və mübahisəli ərazi hesab olunan Şebaa Fermaları/Dov Dağı ərazisindəki İsrail ordu mövqelərini dronla vurduğunu qeyd edib.
Qəzzanın Həmasın nəzarətində olan hissəsinin Səhiyyə Nazirliyi müharibənin başladığı 7 oktyabr tarixindən bugünədək Qəzzada öldürülən mülki əhalinin sayının 9 mini ötdüyünü açıqlayıb.
İsrail ordusu isə cümə axşamı quru hücumları zamanı daha 4 əsgərinin öldüyünü deyib və bununla da Qəzzadakı döyüşlərdə həlak olan İsrail hərbçilərinin sayı 23-ə yüksəlib, Haaretz qəzeti yazıb.
Rəsmi Təl-Əviv Həmasın oktyabrın 7-də İsrail ərazilərinə endirdiyi raket zərbələri nəticəsində 1400 nəfərin həlak olduğunu bildirmişdi. Bundan sonra İsrail“Həması yox etmək” məqsədi ilə Qəzzanı bombalamağa başlayıb.
I.Babayeva