Yerevan və Tehran yük maşınlarından dövlət sərhədini keçərkən alınan rüsumları qarşılıqlı qaydada ləğv edəcəklər.
Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu siyasi razılaşma barədə məlumat Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın və İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaşın görüşü zamanı verilib.
Sanosyan izah edib ki, bu razılaşmaya əsasən İran ərazisindən tranzit kimi istifadə edərək üçüncü ölkələrə gedən Ermənistan yük maşınlarından sərhəd rüsumu alınmayacaq. Ermənistan ərazisindən tranzit kimi istifadə edən İran yük maşınlarına da eyni qayda şamil ediləcək.
İran naziri isə vurğulayıb ki, yeni qayda hər iki tərəf üçün sərfəli olacaq, çünki yük maşınlarının daşıdığı mallar istehlakçıya daha ucuz qiymətə çatdırılacaq.
Azatutyun yazır ki, bu razılaşmanın nə vaxtdan tətbiq olunacağı hələ ki, məlum deyil. Bunun üçün yeni qaydanın qanunvericilik aktı səviyyəsində təsdiqi tələb olunur.