İran İslam Respublikası quru sərhədlərini bağlamağı planlaşdırır.
Qerbxeber.com Toplum TV -yə istinadən xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri deyib.
Heydəri açıqlamasında bildirib ki, İranın qonşularıyla problemləri yoxdur, İslam Respublikası heç vaxt qonşu ölkələrin ərazilərini təhdid etmək, pozmaq, işğal etmək və ya ələ keçirmək niyyətində olmayıb.
Generalın sözlərinə görə, bu addımı ölkənin təhlükəsizliyini təmin etmək məqsədiylə edirlər:
“Sərhədlərin təhlükəsizliyi Silahlı Qüvvələrin çiyninə düşən missiyadır. Təhlükəsizlik bəzən pilotsuz təyyarələr və ya kameralardan istifadə etməklə, bəzən də sərhədləri bağlamaqla əldə edilir. Sərhədlərimizdə nə etməli olduğumuzu heç kim bizə diktə edə bilməz.
Biz sərhədlərimizi bağlamaq istəyirik və bu plan davam edir. Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil, çünki bu, hər bir ölkənin suveren hüququdur”.
Qeyd edək ki, Azərbaycan Respublikasında da quru sərhədlər 2020-ci ilin martından bəri qapalıdır. Hava yolları vasitəsilə gediş-gəliş çoxdan bərpa olunsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. Hökumət quru sərhədlərin koronavirusla mübarizə tədbirləri çərçivəsində bağlı saxlanıldığını bildirir.
Ümumdünya Səhiyyə Təşkilatı ötən il mayın 5-də COVID-19-un pandemiya statusunun başa çatdığını elan edib. Bununla belə, Azərbaycan hökuməti infeksiya ilə əlaqədar xüsusi karantin rejimini saxlamaqda davam edir.