İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc edib.
Qerbxeber.com məlumatına görə, hesabatda qeyd edilib ki, helikopter qəzasından təxminən 90 saniyə əvvəl pilot onunla birlikdə uçan digər iki helikopterlə əlaqə saxlayıb. Rəisiyə məxsus helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb.
Bildirilib ki, qəzaya uğrayan helikopterin qalan hissələrində güllə izi və ya buna bənzər hallar aşkar edilməyib.
Helikopter yüksəklikdən yerə çırpıldıqdan sonra alovlanıb.
Hesabatda əlavə edilib ki, ərazinin mürəkkəbliyi, duman və temperaturun aşağı olması səbəbindən kəşfiyyat əməliyyatı gecəyə qədər uzadılıb və gecəboyu davam etdirilib. Bazar ertəsi səhər tezdən İranın pilotsuz uçuş aparatlarının köməkliyi ilə qəzanın dəqiq yeri məlum olub.
“Helikopter qəzası ilə bağlı sənəd və sübutların əhəmiyyətli bir hissəsi toplanıb, bəzi hissələrin və sənədlərin araşdırılması üçün daha çox vaxt lazımdır”, – İran Silahlı Qüvvələrinin Baş Qərargahının hesabatında qeyd edilib.