“Məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtması, ərazilərin minalardan təmizlənməsi və yenidən qurulma əsas prioritetlərdir”,
Qərb Xəbər bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mina təmizlənməsi üçün daha çox işlər görülməlidir: “Təəssüf ki, rəqəmlər beynəlxalq səviyyədə minaların təmizlənməsinə ayrılan vəsaitlərin azaldığını göstərir. Beynəlxalq fondlar bu işə töhfə verməlidir. Azərbaycan unikal model təqdim edir. Biz minalardan təmizlənmiş ölkə modeli təqdim etmək istəyirik. Bu konfrans minalardan təmizlənmənin maliyyələşməsi və innovasiyaların tətbiqi üçün platforma ola bilər. Biz əməkdaşlığa açığıq”.
“Bizim əsas məqsədimiz məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qaytarılmasıdır. Əlbəttə ki, bu işin sürəti ərazilərin minalardan təmizlənməsindən asılıdır. Azərbaycan hökuməti bunun üçün səylərini əsirgəmir. Biz Ermənistandan mina xəritələrini almışıq. Amma onların dəqiqlik səviyyəsi yalnız 25 faizdir” -deyə H.Hacıyev bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan bu sahədə qlobal fondun yaradılması təklif edir. “Azərbaycan hökuməti minatəmizləmə sahəsində qətiyyətli addımlar atır”.
Onun sözlərinə görə, Azərbaycan münaqişədən ən çətin problemlərdən biri olan mina problemi ilə üzləşib: “İşğaldan azad olunan ərazilərimiz qlobal səviyyədə mina ilə ən çox çirklənən ərazilərdən hesab olunur. Bu ərazilərə milyonlarla mina yerləşdirilib. Azərbaycan hökuməti bu dağıdıcı addımlara quruculuqla cavab verir. Əsas prioritetimiz daha çox insanın həyatını xilas etmək, bu torpaqların minalardan təmizlənməsi və vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməkdir”.