ADA Universitetinin “Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur.
Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilir.
Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsinin bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq.
Avqustun 22-də ADA Universitetinin rektoru Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”nda, Qazax “Cümə” məscidində görülmüş işlərlə yaxından tanış olub.