“Azərbaycanın planı əvvəlcə Göyçəni sərhəd gölünə çevirmək, daha sonra bölməkdir. Onlar (azərbaycanlılar-red) Cermukdan (İstisu) keçərək, Naxçıvana enəcəklər, eyni zamanda, Tavuşdan Ermənistanla Gürcüstanın əlaqəsini kəsəcəklər”.
“Qərb Xəbər” məlumat verir ki, bu iddia ilə Ermənistanda Azərbaycanşünas ekspert kimi tanınan Armine Adibekyan çıxış edib.
A.Adibekyan hesab edir ki, azərbaycanlıların İrəvana qayıdışı da baş tutacaq.
Erməni ekspertin iddia etdiyi Göyçənin sərhəd gölünə çevrilməsi perspektivi mümkün görünür. Çünki Azərbaycan ordusu Bala Göyçənin sərhədinə çıxıb və Göyçə gölünə vizual məsafə qədər yaxınlaşıb. Perspektivdə Göyçəyə çatmaq imkanı istisna edilməməlidir. Ermənistanla Gürcüstanın əlaqəsinin kəsilməsinə gəlincə, söhbət Qazaxın hələ də işğal altında qalan 7 kəndindən gedir.
Ermənistanı Gürcüstana birləşdirən marşrutlar bu kəndlərin yaxınlığından keçir və həmin kəndlər qaytarılacağı təqdirdə, ordumuz nəqliyyat yollarına da nəzarət imkanı qazana bilər. Ermənilərin tez-tez dilə gətirdiyi qorxular bundan ibarətdir. Erməni ekspertin “Cermukdan (İstisu) keçərək, Naxçıvana enəcəklər” iddiası isə Azərbaycanın qərb rayonlarından Naxçıvana çıxışın əldə edilməsini özündə əks etdirir. Bu əlaqə ilə bağlı əsasən Zəngəzur dəhlizinin adı çəkilsə də, 10 noyabr razılaşmasının 9-cu bəndində ikinci dəhlizin də olmasına işarə edilir və bu, Qərbi Zəngəzur bölgəsinin şimal hissəsindən – İstisudan muxtar respublikaya çıxışın əldə edilməsindən ibarətdir.