Gəncə Şəhər İcra Hakimiyyəti koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirləri davam etdirir.
“Report”un məlumatına görə, şəhərdə mütəmadi olaraq dezinfeksiya və maarifləndirmə işləri həyata keçirilir.
Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən aparılan işlərə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları da cəlb olunurlar.
Şəhərin əsas küçə, prospekt və yolları su çiləyici avtomobillərin köməyi ilə xüsusi dezinfeksiyaedici məhlullarla yuyulur. Tibbi-profilaktiki tədbirlər qəsəbə və yaşayış massivlərində, park və meydanlarda, məhəllələrdə, çoxmənzilli binalar və digər ərazilərdə də aparılır.
Tibbi-profilaktiki tədbirlərlə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları reyd və maarifləndirmə işlərini də davam etdirirlər. Onlar şəhərdə fəaliyyət göstərən market, mağaza və geyim dükanlarında olur, satıcı və alıcılarla maarifləndirici söhbətlər aparır, müəyyən olunmuş qaydalara əməl edilməsinin önəmi bir daha xatırladırlar. Sakinlərə sosial məsafə saxlamaq, tibbi maska, əlçək və sprit kimi, qoruyucu vasitələrdən istifadə etmək tövsiyyə olunur.
Qeyd edək ki, Gəncədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər bundan sonra da davam etdiriləcək.