Brusseldə baş tutacaq görüş təxirə salındı. Sülh danışıqlarının Gürcüstanda keçirilməsi gündəmdədir. Məsələni “Qərb Xəbər”ə dəyərləndirən politoloq Oktay Qasımov Ermənistanın sülh prosesini əngəlləməsi gərginliyə xidmət edən addımlardır və bu bölgədə gərginliyin artmasına gətirib çıxarır deyə vurğulayıb.
– Oktay bəy, Kəsişən maraqlar Tblisidə birləşəcəkmi?
“Tblisidə görüş keçirilməsi ideyası ABŞ-a məxsusdu. Keçən il də, bu yay da xarici işlər naziri Tblisidə görüşmüşdülər. Bu həm Avropa Birliyi, həm də ABŞ tərəfindən müsbət qatşılanmışdır. Məncə Avropa Birliyinin və Amerikanın bu məsələlərdə rolu digər formatlardan daha pozitiv hesab oluna bilər. Belə ki, hər iki variantda Azərbaycanın sülh təklifləri qəbul edilir və əsas məsələlər siyasi məsələlərə yönəldilir. Sülh müqaviləsinin imzalanması əsas şərt kimi irəli sürülür. Rusiya variantından fərqli olaraq burada siyasi məsələlər öndədir”.
– Brussel formatı ilə Gürcüstan formatının fərqləri nələrdir?
Məncə ciddi bir fərq yoxdur. Həm Rusiya, həm Tbilisi formatında təşkil olunan görüşlərdə sülh müqaviləsinin müzakirəsi ön plana çıxarılır. Qarabağda yaşayan ermənilərin status söhbətləri gündəmdə deyil.
– Ermənistanın sülh danışıqlarını müxtəlif bəhanələrlə yubatmaqda nəyə nail olmaq istəyir?
“Ermənistanın taktikası bəllidir. Ermənistan 44 günlük savaşdan sonra bu prosesləri müxtəlif formada uzatmağa, əngələməyə çalışır. Hesab edir ki, hansısa bir geopolitik dəyişikliklər zamanı Ermənistan üçün uyğun şərtlər yarana bilər və bu ağır vəziyyətdən çıxa bilər. Ermənistanın sülh prosesini əngəlləməsi gərginliyə xidmət edən addımlardır. Bu bölgədə gərginliyin artmasına gətirib çıxarır”.
– Ermənistanın müxtəlif bəhanələrlə sülh danışıqlarından qaçması prosesləri yenə də hərbi müstəviyə çəkmirmi? Başqa sözlə son dövrlər rusların Qarabağda tamamən anti-Azərbaycan siyasəti sərgiləməsi proseslərin gələcəyi üçün nələr vəd edir?
“Hal-hazırda Ermənistanla bərabər 3 dövlət bölgədə sülhün bərqərar olmasında maraqlı deyil. Bu dövlətlər Rusiya, Fransa Və İrandır. Rusların isə son dövrlər Qarabağda vəziyyətin gərginləşməsində rolları açıq görülməkdədir. Bu cür gərginliklər gələcəy üçün gərginlik vəd edir. Hesab edirəm ki, Azərbaycan da özünün qətiyyətli mövqeyini davam etdirəcək. Ermənistanı danışıqlar masasına oturmağa və sülh müqaviləsini imzalamağa məcbur edəcək. Çünki, başqa variant savaş variantıdır.
Savaş olacağı təqdirdə Ermənistan ordusuna növbəti zərbə vurulacaq. Amma, düşünürəm ki, Ermənistanda reallıqları dərk edən və ağıllı düşünməyi bacaran insanlar var. Onlar da Ermənistanın düşdüyü bu ağır durumdan çıxmağını istəyir. Bu rasional düşüncə üstün gəlsə Ermənistan Rusiya və digər dövlətlərin təsirindən çıxar. Azərbaycanla birbaşa danışıqlara gedər və bütün problemlər də çözülə bilər deyə düşünürəm”.
Rahib İsgəndərli