Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının növbəti iclası bu gün şərti sərhəddin Qazax-İcevan hissəsində baş tutub.
Qerbxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.
Görüşə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edir.
AzTV rəsmi mənbələrdən əldə edilən məlumata görə, görüşdə 3 rayonunun mina xəritələrinin Azərbaycana təhvil verilməsinin planlaşdırıldığını bildirib. Həmçinin sülh müqaviləsi üzrə işlərin daha da sürətləndirilməsi istiqamətində müzakirələrin aparıldığı qeyd olunub.
Eyni zamanda Ermənistan Parlamentinin spikeri Alen Simonyan: -“Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə demarkasiya komissiyasının bu gün keçiriləcək iclasında xəritələr məsələsinə aydınlıq gətirilməsini gözləyirik”, deyib. Spiker indiyədək xəritələrlə bağlı problemlərin olduğunu da önə sürüb.
Xatırladaq ki, tərəflərin iştirakı ilə bundan öncəki görüş ötən il noyabrın 30-da sərhəddə baş tutub.