Ermənilər Tavuşun “anklav” adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur – red.) tərk edir və oradan miqrasiya sürəti artıb.
Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq – red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir:
“Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Eyni zamanda, Azərbaycan Ermənistanın neçə kvadrat kilometr ərazisinin onun nəzarətində olduğunu qeyd etmir. Amma bu da problemi həll etməyəcək, çünki Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanı anklava çevirəcək. Bu, Bakının son məqsədidir və bu planın həyata keçirilməsi Qarabağdan başlayıb. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir”.
O bildirib ki, İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyib:
“Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq”.