Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Counter Strike” kompyuter oyunu üzrə rayon turnirinə start verilib.
“Bölgənin Səsi” saytına daxil olan məlumata görə, Qazax Gənclər Mərkəzində reallaşan yarışda 9 komandanın tərkibində 40-a qədər gənc iştirak edib.
İlk olaraq turnirin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, “Uranium” və “Tornado” komandaları mübarizəyə 1/8 finaldan qoşulub. “İkincilər” birinci matçda 7:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu mərhələdə “Bentley” komandasını da 10:4 üstələyən “Tornado” yarımfinala vəsiqə qazanıb. Onların finaldan öncəki rəqibi “Nobelium” olacaq. “Nobelium” komandası isə 1/4 finalda “Vanadium”u məğlub edib – 10:2. İlk günü qələbə ilə başa vuran digər komandalar “Tega” və “ICE E-sport” kollektivləri olub. “Tega” ən güclü “dördlüy”ə düşmək üçün “Avengers”i mübarizədən kənarlaşdırıb – 10:2. Günün ən gərgin qarşılaşmasında isə “ICE E-sport” “Andromeda”ya qalib gəlib – 10:8.
Beləliklə, bu gün turnirin yarımfinal mərhələsində “Tornado” “Nobelium”la, “Tega” isə “ICE E-sport”la münasibətlərinə aydınlıq gətirəcək.