Ölkələrimiz arasında qardaşlıq münasibətlərini formalaşdıran xüsusi tellər, əlaqələr siyasi münasibətlərin, regional əməkdaşlığın, ən yaxşı tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin çox ciddi zəminini təşkil edir.
Qerbxeber.com xəbər verir ki, bunu XİN başçısı Ceyhun Bayramov bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.
“Məmnunluqla qeyd olundu ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığımızın dinamikası yüksək səviyyəli siyasi dialoqla tam uyğunluq təşkil edir. Artıq bir reallıqdır ki, Xəzər və Qara dəniz hövzələrini əhatə edən geniş coğrafiyada Azərbaycan, Gürcüstan, Türkiyə iqtisadi üçbucağı formalaşıb. Birgə səylərimizlə region çərçivəsini aşan daha geniş coğrafiyanı əhatə edən enerji və nəqliyyat xəritələrini formalaşdıran, onları əhəmiyyətli dərəcədə dəyişdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq bir reallıqdır” – nazir əlavə edib.