Bu günlərdə Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” adlı kitab işıq üzü görüb.
Bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Bildirib ki, nəfis tərtibatlı antologiyanı nəşrə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Altay Məmmədli hazırlayıblar. Kitabın redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Toplu hazırda yaşayıb yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin bu gün də davam etdiyini təsdiq edir.
Nəşrə daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.
Kitaba AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Ön söz” yazıb.