Bu günə qədər Azərbaycanda kümçülər 588 ton yaş barama təhvil veriblər.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 74 ton çoxdur.
Ölkə üzrə ən çox yaş barama Zərdab (65 ton), Ağcabədi (52 ton), Zaqatala (52 ton), Füzuli (50 ton), Balakən (44 ton), Şəki (40 ton), Bərdə (36 ton), Qax (26 ton) və Kürdəmirdə (23 ton) tədarük olunub. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir.
Azərbaycanda “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.
Ümumilikdə, fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.
Baramaçılığın yem bazasının yaradılması məqsədilə son 3 ildə Çindən Azərbaycana 3,5 mln. ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 mln. ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.