Merih Demiralın bozqurd işarəsi tutması və arxasınca baş verənlər yaxşı olardı ki, ciddi ictimai müzakirəyə səbəb olardı, amma olmadı. Ən azından bəzi şəxslərin hər dəfə “faşizm” xatırlatması belə faşizmin özünün müzakirəsinə səbəb olmadı.
Bəri başdan deyim ki, millətçi və ya milliyyətçi deyiləm, çünki buna ehtiyac görmürəm. Siyasi ideologiya olaraq millətçilik hətta çoxlarının düşündüyü kimi etnik millətçilik anlamında işlədilmir, hətta faşizmin də siyasi ideologiya olaraq əsas elementi etnik millətçilik deyil.
Türkçülüyün yaranma tarixini ehtimal edirəm ki, bilirsiniz. Türkçülük Rusiya tabeliyində yaşayan türk xalqlarında yaranıb, bu qəbul edilən bir şeydir. Ən böyük ideoloqları da elə Azərbaycan, Krım, Tatar aydınları olub. Bu türkçülük anti-müstəmləkə xarakteri daşıyırdı. Osmanlıda vəziyyət fərqli idi. Fransa inqilabından sonra XIX əsrdə avropada millətçilik dalğası yarandı.
1848-ci il inqilablarının kökündə millətçilik dururdu. Bu kontekstdə Osmanlı kimi zəifləmiş ölkələr parçalanma təhlükəsi qarşısında idi. Osmanlı aydınları, idarəedənləri krizdən çıxmaq üçün müxtəlif formulalar işlədilər.
Öncə Osmanlıçılıq (vətəndaşlıq) variantını yoxladılar. Yəni heç bir xalq dininə, dilinə görə ayrı-seçkiliyə məruz qalmayacaq, hamı osmanlı vətəndaşı hesab edilirdi. Bu variant tutmadı, əvvəl yunanlar, sonra digər Balkan xalqları ayrıldılar. Əbdülhəmid dövründə islamçılıq siyasətini təcrübə etdilər, amma ərəb millətçiliyi bu siyasəti də uğursuzluğa düçar etdi. Buna görə də Osmanlıda türkçülük digər millətçilik hərəkatlarına reaksiya olaraq formalaşdı və bu da iki istiqamətdə inkişaf etdi. Ənvərçilər Turan ideyasını, Mustafa Kamal misaki-milli çərçivəsində türk dövlətinin yaradılmasını nəzərdə tuturdu. Sonu bəllidir zatən.
İkinci Dünya Müharibəsindən sonra antiimperializm, antikommunizm çərçivəsinə büründü. Doğrusu, bu dövrdə hərəkatın radikallaşmasını Daniele Ganserin yazdığı kimi NATO-ya bağlanıb-bağlanmadığını bilmirəm, çünki ona da güvənmirəm. İstinad etdiyi sənədin əslini də görməmişəm, amma ehtimal daxilində saxlamaq lazımdır. Demiralın hərəkətini də bir antireaksiya çərçivəsində görürəm (antireaksiya kimi haqlı görürəm demirəm, həmin çərçivədə görürəm və anlayıram).
Sırf bozqurd işarəsi isə ülkücülərin monopoliyasında deyil, o işarə ülkücülərdən daha böyük, daha geniş areallıdır.
Nəzərə alın ki, simvol Azərbaycandan çıxıb və bu gün bəlkə də ən çox istifadə edənlərdən biri də İran türkləridir və bu onlar üçün radikal hərəkat yox, kimlik məsələsidir.
(Fotoda İran türkləridir)