ABŞ Dövlət katibi Antoni Blinken Misirə səfər edib. Səfərin məqsədi Həmas və İsrailə təzyiqləri artırmaq, Qəzzada atəşkəsə nail olmaq və müharibənin Livana keçməsinin qarşısını almaqdır.
Qerbxeber.com xəbər verir ki, bu gün Blinken Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb. Bundan sonra o, İsrailə gedəcək və orada baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla görüşəcək. Bu, müharibə başlayandan bəri dövlət katibinin regiona səkkizinci səfəridir. Blinkenin bu həftə İordaniya və Qətərə də səfəri planlaşdırılır.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, səfər zamanı Blinken tərəfdaşları ilə bütün girovların azad olunmasını, atəşkəsin əldə edilməsi məsələsini, həmçinin münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini müzakirə edəcək. O, HƏMAS-ın Vaşinqtonun təklifini qəbul etməsinin vacibliyini vurğulayacaq.