Soyuq havalarda insanlar baş ağrısından daha çox əziyyət çəkir. Bu miqreni olanlar üçün isə daha problemli vəziyyətə gətirib çıxarır. Çünki hava dəyişkənliyi miqren xəstələrinə təsir edən əsas amillər arasındadır. Soyuq havalarda sinüzit baş ağrısı digər baş ağrıları ilə çox qarışdırılır. Ancaq onun fərqli tərəfləri var. Belə ki, burun axması,burun tutulması, səsin dəyişməsi və üz dolğunluğun yaranması sinüzitin əsas kliniki əlamətlərindəndir.
Daimi başı ağrıyan insanlar, miqren xəstələri soyuq havalarda çox çölə çıxmamalıdır.
Onlar saçlarını yaş qoymamalı, dərmanlarını düzgün vaxtda atmalı, qidalanma və yuxu rejimlərinə diqqət etməlidirlər.
Türkiyəli həkim Esra Acıman Demirel su içməyin baş ağrısına qarşı təsirindən danışıb:
“Tez-tez miqreni tutan insanlar çay, qəhvə və meyvə şirələrindən uzaq durmalıdırlar. Bu kimi içkilər onların su ehtiyacını kifayət qədər qarşılamır. Az su içmək də baş ağrısını yaradacaq səbəblərdən biridir. Buna görə, çalışıb bacardıqca çoxlu su içilməlidir”.
Həkimin sözlərinə görə, daimi baş ağrılarına səthi yanaşmaq düzgün deyil.
“4 saatdan çox və 72 saatdan az davam edən baş ağrılarını miqren olaraq qəbul edirik. Miqren ağrılar ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. Bunun üçün mütləq həkimə müraciət etməlisiniz. Bu, çox ciddi xəstəlik növüdür. “Elə-belə baş ağrısıdır” deyib keçmək olmaz. Ona səbəb olan amillərdən qaçmaq lazımdır”,-deyə o bildirib.