“Düşünürəm ki, dövlətin hesabına vəsait ödəməklə icbari hərbi xidmətin müddəti azaldıla bilər.
Qerbxeber.com xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası üzrə keçirilən ilk iclasında deputat Elnur Allahverdiyev deyib.
O, xidmət müddətinin azaldılmasının gənclərin problemlərinin həllinə müsbət təsir edəcəyini bildirib:
“Məsələn, ali təhsili olan şəxs bir il, olmayan şəxs isə il yarım müddətində hərbi xidmətə cəlb olunur. Bu müddət dövlət büdcəsinə ödəniş müqabilində 2 və ya 6 aya endirilə bilər. Ödənişli xidmətdən əldə edilən vəsaitin ordunun ehtiyaclarının qarşılanmasına, yaxud hərbi heyətin məvacibinin artırılmasına xərclənməsi mümkündür.
Gənclər təhsillərini başa vurduqdan sonra hərbi xidmətə görə karyera qurmaq, adaptasiya olmaqda çətinlik yaşayırlar. Əgər hərbi xidmət müddəti azaldılsa, bu, təhsil və karyera kimi məqamlarda ardıcıllığın təmin olunmasına kömək edə bilər.
Bundan başqa, hər bir gənc hərbi biliklərə yiylənməlidir. Hesab edirəm ki, ali məktəblərdə əvvəllər mövcud olmuş hərbi kafedraların bərpası məsələsinə də baxıla bilər”, – deputat bildirib.