Azərbaycan Mərkəzi Bankı (AMB) noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin kəskin artmasının səbəbini açıqlayıb.
“Qərb Xəbər “bildirir ki, bu barədə AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: “Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% (2021-ci ildə isə 91%) çox olub”.
“Onu da qeyd etmək lazımdır ki, ümumilikdə valyuta bazarında şərait profisitli tədiyyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub” – AMB-dən əlavə edilib.
Qeyd edək ki, bankların valyuta hərracında tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollara təşkil edib. Bankların dollar tələbi noyabr ayının sonundan etibarən artmağa başlayıb. Noyabr ayının 28-də keçirilən hərracda bankların tələbi 68,2 milyon dollara, noyabrın 30-da isə 77,8 milyon dollara yüksəlib.