Laçında üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın birlik nümayiş etdirməsindən narahat olanların reaksiyası gecikmədi. Pakistanın əsas düşməni Hindistanla yanaşı, İran və Ermənistan da öz narahatlıqlarını gizlədə bilməyib. Rəsmi Dehli dərhal vətəndaşlarını Azərbaycan və Türkiyəyə getməməyə çağırıb. Eyni zamanda digər ölkələrin də bu birlik mesajlarından narahatlıqları var.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycan-Türkiyə-Pakistan birliyinin əsasının çoxdan qoyulduğunu deyib.
O, Azərbaycanla Pakistan arasında bir əsrə yaxın dostluğun olduğunu qeyd edərək deyib: “Türkiyə ilə Azərbaycan isə əbədi olaraq bir xalqın, iki dövlətidir. Bu üç ölkənin bir-birinə yaxınlaşması normal bir haldır. Birliklə bağlı Laçında verilən mesajlar da onu göstərdi ki, indiki liderlər – dövlət başçıları o tarixi yaxşı bilirlər və xalqlarımızın yaxınlığına, strateji müttəfiqliyinə yüksək qiymət verirlər. Buna kənardan hansı gözlə baxırlar baxsınlar, bu, heç bir əhəmiyyət kəsb etmir. Sözsüz ki, burada Hindistanın narahatlığı daha çox diqqət çəkir. Əslində, bu ölkədə 2 yüz milyona yaxın müsəlman yaşayır. Onlar Hindistanın bütövləşməsində, güclü mərkəzləşmiş dövlətə çevrilməsində mühüm rol oynayırlar. Bu xüsusda biz tarixdən misal çəkərək, Hindistanın birliyində teymurilərin, yəni, türklərin roluna diqqət çəkə bilərik. Ona görə də gərək ki, Hindistan türklərə, müsəlmanlara bir az sayğı ilə yanaşsın. Hər halda Hindistan bu ənənələrdən qopub başqa dost axtarmaqla özünün taleyində qara sətirlər yazır. İranın da bu məsələdə mövqeyi hər kəsə məlumdur. Ermənistan da düşmən dövlət kimi öz ampulasındadır”.
Sabir Rüstəmxanlı hesab edir ki, normal dövlətlər əməkdaşlığa, birlikdə olmağa üstünlük verməlidir: “Azərbayacn-Türkiyə-Pakistan yaxınlığına kənardan ləkə yaxmaq, buna müxtəlif ad qoşmaq əvəzinə onlarla əməkdaşlıq etmək lazımdır. Bu dünyada ümumi sülh prosesinə fayda ola bilər. XXI əsrdə dünyanın bu qədər sürətlə silahlanması fonunda buna ehtiyac var. Ona görə də üç dövlətin Laçında, dağların ucalığında verdikləri birlik mesajlarını xalqların ruhunun tarixi ucalığı, gələcəyin böyüklüyü kimi qəbul edilməlidir”.
“Ümid” Partiyasının sədri İqbal Ağazadə də Azərbaycan, Türkiyə və Pakistanın Laçında birlik mesajlarına olan reaksiyalara fikrini belə ifadə edib: “Bu reaksiyaları gözləməmək sadəlöhvlük olardı: “Hər kəs bu dünyada müttəfiqini, rolunu və yerini çoxdan müəyyənləşdirib. Kimlər müttəfiqliklə bağlı kiminlə gedəcəyini artıq aydınlaşdırıb. Azərbaycanın bu istiqamətdə bəlli müttəfiqləri var. Ölkəmiz bu mənada öz müttəfiqləri ilə ardıcıl, sabit şəkildə irəliləyir. Dünənə qədər Hindistan Ermənistanla sıx silah alveri edən dövlətlərdən biri idi. Bu gün də onlar bu “əməkdaşlıqlarını” davam etdirəcəklər. Sözsüz ki, bunlar bizi çəkindirməməlidir”.
Partiya sədri Azərbaycanın strateji müttəfiqləri kimlərdirsə, o da dövlətçiliyimiz, gələcək milli təhlükəsizliyə nələr verə bilərsə, onu düzgün hesablayıb, o istiqamətdə hərəkət etməyin vacibliyinə toxunub: “Azərbaycan-Türkiyə-Pakistanın birgə verdiyi bəyanatlar da gələcəkdə ölkəmizin təhlükəsizliyini təhdid edəcək tərəflərə də yeni bir mesajdır. Bu mesajdan da hər kəs nəticə çıxaracaq. Ona görə də burada narahat olmaq üçün heç bir əsas yoxdur”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçındakı görüntüsünün möhtəşəmliyindən bəhs edib.
Onun fikrincə, üç ölkə liderinin səmimi davranışları, açıqlamları dünya üçün bir mesajdır: “Bu birliyin yeni yarandığını da iddia etmək olmaz. 2020-ci ildən artıq bunun ilkin əlamətləri üzə çıxmışdı. Azərbaycanın Vətən müharibəsində Türkiyə və Pakistan özünün birmənalı dəstəyini ifadə etmişdi. Bu dövlətlərin sözsüz ki, içərlərində olan ədalət hissidir. Misal olaraq, qardaş Türkiyə öz ətrafında azsaylı azlıqların belə müdafiəsinə qalxır. Pakistan da, həmçinin Kəşmirdə öz soydaşlarının hüquqlarının müdafiəsi üçün səylər göstərir. Azərbaycan da 30 ilə yaxın Qarabağda haqsızlıqla qarşılaşmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, hər üç ölkə ədalətsizliyin, haqsızlığın nə demək olduğunu yaxşı bilir”.
Partiya sədri Bakı-Ankara-İslamabad arasındakı əməkdaşlığı dünyadakı ədalətsizliyə qarşı olan birlik kimi xarakterizə edib: “Ayrı-ayrı ölkələr bu birlikdən narahat olmağa başlasalar da, bunun üçün heç bir əsas yoxdur. Çünki bu ölkələrin apardığı siyasətdə üçüncü tərəfə qarşı hər hansı bir təhdid elementləri müşahidə olunmur. Azərbaycan, Türkiyə və Pakistanın dünyada haqqın, ədalətin, dövlətlərin ərazi bütövlüyünün, xalqların öz müqəddəratını təyin etmək hüququ kimi beynəlxalq məsələlərdə bir araya gəldiyini göstərmək olar. Bu birliyə gələcəkdə daha böyük dəstəyin olması da mümkündür”.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bildirib ki, hazırda yeni dünya düzəninin formalaşması prosesi gedir:
“Bu məqamda Azərbaycanın müttəfiqlərinin, dostlarının sayı nə qədər çox olsa yaxşıdır. Türkiyə Azərbaycanın əzəli və əbədi müttəfiqidir. O, NATO üzvü olan qüdrətli dövlətlərdən biridir. Regionun əsas aparıcı dövləti kimi Türkiyə Azərbaycanın xarici siyasət sayəsində ən böyük avantajıdır. Pakistan isə yeganə islam dövlətidir ki, nüvə silahına malikdir. Nüvə silahının olması ona əlavə dividendlər qazandırır. II Qarabağ müharibəsi, ondan əvvəlki və sonrakı dövrlərdə Pakistan daim Azərbaycana dostluq münasibəti sərgiləyib”.
Məclis sədri Azərbaycanın Pakistan və Türkiyə ilə münasibətlərini daha da dərinləşdirməsinin ölkəmizin maraqlarına uyğun olduğunu deyib: “İranın və digərlərinin bu birlikdə narahatlığı isə birmənalıdır. Azərbaycan hansı xarici siyasəti yürütsə belə, İran ölkəmizə dost dövlətə çevrilməyəcək. Güclü Azərbaycan dövlətinin mövcudluğunu İran özü üçün milli təhlükəsizlik problemi hesab edir. Hindistanla isə Azərbaycan arasında münasibətləri normallaşdırmaq mümkündür. Bu ölkənin iqtisadiyyatı inkişaf etməkdədir və dünya düzənində Hindistanın daha ciddi rol oynayacağı göz önündədir. Çox təəssüf ki, Hindistan Ermənistana meyl edən xarici siyasət yürüdür”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi isə hesab edir ki, hazırda Azərbaycana dünyaya meydan oxuyacaq bir siyasət lazım deyil.
Onun fikrincə, Azərbaycanın dostları çoxalmalıdır: “Azərbaycanın müttəfiqlərinin olması onun üçün xeyirdir, müsbət mesajdır. Biz də hazırda Ermənistanla sülh sazişi istiqamətində gedən prosesi dəstəkləyirik. Düşünürük ki, Azərbaycan regionun ən böyük dövləti kimi qonşuları ilə münasibətlərini yaxşılaşdırmalıdır. Bütün hallarda Azərbaycan torpaqlarını ermənilərdən geri alıb, hazırda erməni separatizminin məhkəmə prosesi gedir. Bunların hamısı da beynəlxalq tanınma, sülh sazişi ilə yekunlaşmalıdır. Bu da hər kəsin xeyrinədir”.
Sədr müavini Türkiyənin də bu məsələyə olan mövqeyinə diqqət çəkib: “Türkiyə Xarici İşlər Nazirliyi də dəfələrlə bunu ən yüksək səviyyədə ifadə edib. Pakistan-Hindistan məsələsinə gəlincə isə, bu uzun müddətin prosesidir. Əlbəttə, biz BMT-nin bir üzvü kimi dövlətlərin ərazi bütövlüyünü tanıyırıq və tanımalıyıq. Ona görə də bizim daha böyük konfliktlərdə yer almağımız dövlət maraqlarımıza ziyan olar. Amma Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, ölkəmizlə birlikdə hərəkət edən dövlətlərə münasibətlər də qorunub saxlanılmalıdır. Çünki biz böyük münaqişələrdə iştirak və tərəf ola bilmərik. Azərbaycan Cənubi Qafqazın üç ölkəsindən biridir. Burada əsas siyasət balanslaşdırılmış, tarazlaşdırlımış sülh siyasəti aparılmalıdır. Azərbaycan digər qlobal münaqişələrdə çox da qabarıq görünməməlidir. O, özünün maraqları çərçivəsində sülhün, ədalətin təmin olunması istiqamətində işini aparmalıdır”.
Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn də Azərbaycan-Türkiyə- Pakistan birliyindən narahat olanların məsələsi izahata ehtiyacı olmayan bir məsələdir:
“Demək ki, bundan narahat olan tərəflərin xüsusi ilə də Hindistanın bu dövlətlərə qarşı hansısa bir təcavüzkar niyyəti, planı, strategiyası var. Fakt ondan ibarətdir ki, hazırda Hindistan Azərbaycanla hələ də sülh müqaviləsi imzalanmayan Ermənistanın silahlanmasında əsas donorlardan biridir”, – deyə o, qeyd edib.
Partiya sədri dünyada milli təhlükəsizlik amili fonunda üç ölkənin birliyinin mühüm amillərdən biri kimi səciyyələndirib: “Bu birlik regional və qlobal miqyasda xalqlar arasında dinc normal hüquqa söykənən münasibətlərin təminatlarından biridir”.