Hər hektar tütünə görə 280, təhvil verilən quru tütünün hər kiloqramına və yaş tütünün hər 10 kiloqramı üçün 0,05 manat məbləğində subsudiya verilməsi iqtisadi cəhətdən gəlirli olan bu sahənin inkişafını sürətləndirir.
“Qərb Xəbər” bildirir ki , bu barədə “Azərbaycan qəzeti”ndə yazılıb.
Qeyd olunub ki, tütünçülüyə Tovuzda da maraq getdikcə artır. Artıq 7-ci ildir ki, rayonda tütün əkilir. Əvvəlki illərdən fərqli olaraq ikinci ildir ki, bu işlə “Tovuz Aqro Sənaye” MMC məşğul olur. Demək olar ki, şirkətdə çalışan 250 nəfərdən çox insan dolanışığını tütündən qazandığı gəlir hesabına əldə edir.
Rayonda əvvəllər bu sahədə mövcud olan problemlər də, əsasən, aradan qaldırılmışdır. Artıq keçən ildən etibarən rayonda tütünqurutma müəssisəsi fəaliyyətə başlamışdır. Sahələrdən yığılan yaş tütün birbaşa həmin məntəqəyə təhvil verilir. Məntəqədə müasir avadanlıqlar quraşdırılmışdır. Burada qurudulmuş tütün çeşidləndikdən sonra anbarlara yığılır. Bütün bu işlərlə 60 nəfər məşğul olur.
Keçən il “Tovuz Aqro Sənaye” MMC tərəfindən 100,5 hektar sahədə “Verciniya” tütün sortu əkilmiş və 99,5 ton məhsul götürülmüşdür. Hər hektardan 9,9 sentner məhsul götürən kollektiv bu il əkin sahələrini xeyli artırmağı qərara almışdır. Hazırda sahələrə şitil köçürülməsi işləri aparılır. Tütünçülər qərara almışlar ki, cari ildə 150 hektarda tütün yetişdirməklə hər hektardan 17 ton yaş tütün götürsünlər.
Onu da qeyd edək ki, keçən il rayonda “TET” İnternational Development tütün emalı müəssisəsi fəaliyyətə başlamışdır. Müəssisənin həftəlik emal gücü 4 tondur.