Azərbaycanda banklar vasitəsilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) ianələr şəklində dəstək göstərilərkən bank komissiyaları tutulmayacaq.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib.
Belə ki, bu gün Assoasiasiyanın Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə, bank icması, baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən qardaş ölkədə yaradılmış xüsusi fonda (Afet ve Acil Durum – AFAD) ölkə bankları vasitəsilə ianələr şəklində dəstək göstərilərkən bank komissiyalarının tutulmayacağı barədə yekdilliklə qərar qəbul edib.
Həmçinin ölkənin bank icmasının qardaş Türkiyə xalqına hər zaman dəstək olmağa hazır olduğu yekdilliklə bəyan edilib.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.