İstər Azərbaycan Xalq Cümhuriyyətinin, istərsə də ondan əvvəl Çar Rusiyasının işğal dövrü sənədləri açıq şəkildə Zəngəzurun, Göyçə mahalının, İrəvan xanlığı ərazilərinin hamısının Azərbaycan torpağı, türk-müsəlman yurdu olduğunu göstərir. Yəni bunu inkar etmək mümkün deyil.
“Qərb Xəbər” bildirir ki, bu sözləri Axar.az-a Azərbaycanın müstəqilliyinin 11 yanvar 1920-ci Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanınmasının 103-cü ili və Zəngəzur məsələsi haqqında danışan Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu deyib.
Alim SSRİ dövründə yazılan bir sıra əsərlərin də Zəngəzurun Azərbaycanın ərazisi olduğunu isbat etdiyini vurğulayıb:
“Hətta Ermənistanın özündə də SSRİ dövründə yazılan əsərlərdə bəhs etdiyimiz faktlar öz əksini tapıb. Zaven Korkodyanın “Sovet Ermənistanın əhalisi son yüzillikdə – 1831–1931” (İrəvan, 1932) adlı kitabında öz əksini tapan aşağıdakı faktı buna örnək vermək olar:
“İndiki Ermənistan ərazisində mövcud olmuş İrəvan quberniyasının İrəvan, Üçmüədzin, Yeni Bəyazid, Aleksandropol və Gəncə quberniyasının Zəngəzur, Qazax-Dilican, Tiflis quberniyasının Loru-Pəmbək qəzalarındakı 2310 kəndin 2000-ni azərbaycanlılara məxsus olmuşdur… 1833-cü ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə 27 min 246 nəfərindən 23 min 626 nəfəri, yəni 85,2%-i azərbaycanlı olmuşdur… (səh. 162)”.
Digər tərəfdən Ermənistanın özündə SSRİ dövrünə aid çox sayda toponim lüğətləri, demoqrafiya sahəsində işlər və s. əsərlər də bu faktı sübut edir. Çar Rusiyası dövründə mövcud olmuş Qafqaz canişinliyinin sənədləri, hərbi xronika yazıları, salnamələr də önəmli tarixi sübutlardır”.
Telman Nüsrətoğlunun sözlərinə görə, AXC-nin müstəqilliyi Paris Sülh Konfransında tanındığı zaman da Zəngəzur Azərbaycanın ərazilərinə daxil olub:
“Sözügedən sənəd və əsərlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin Paris Sülh Konfransında ölkəmiz haqqında təqdim etdiyi sənədlər də vacib əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq istəyirəm ki, 11 yanvar 1920-ci ildə Azərbaycanın müstəqilliyi Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanınıb və həmin dövrdə də Zəngəzur ölkəmizin suveren ərazisi olub. Bunu Konfransda təqdim olunan xəritələr də sübut edir. 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən dövlətimiz AXC-nin hüquqi varisidir. Bu varislik həm də coğrafi mənadadır. AXC-nin ərazisi olan Zəngəzur Türkiyənin Azərbaycan və türk dünyası ilə əlaqəsini kəsmək üçün SSRİ dövründə zorla əlimizdən alınaraq Ermənistana verilib. Əfsuslar olsun ki, Qars müqaviləsinə zidd şəkildə Naxçıvanın bəzi əraziləri də SSRİ dövründə zorla Ermənistana pay edilib”.
Alim bütün tarixi sübutların dövlətimizə Zəngəzur və Qərbi Azərbaycan icmasının öz dədə-baba yurdlarına qayıtması məsələsini gündəmə gətirmək üçün siyasi və hüquqi əsasları verdiyini xatırladıb:
“Azərbaycanın Qərbi Azərbaycan icmasının Zəngəzur, Göyçə mahalı, İrəvana qayıdışını təmin etmək üçün məsələni beynəlxalq ictimaiyyətin gündəliyinə çıxarmağa haqqı var. Ən son 1991-ci ildə Zəngəzurun Nüvədi kəndinin əhalisi oradan zorla, silah gücünə çıxarılıb, eyni zamanda Ermənistan prezidentinin dədə-baba yurdlarımızın adlarının dəyişdirilməsi ilə bağlı 1995-ci ildə imzaladığı fərman var. Bunlar hamısı əlimizdə olan tutarlı tarixi faktlardır və Azərbaycan bütün hüquqi, siyasi vasitələrlə Ermənistanın törətdiyi cinayətlərə görə beynəlxalq aləm qarşısında cavab verməsinə nail olmalıdır”.