Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı qətnamə qəbul edib.
“Qərb Xəbər” “InterPress.ge”yə istinadən xəbər verir ki, 577 deputat qətnaməni dəstəkləyib, 33 deputat əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.
Bidzina İvanişviliyə qarşı sanksiyalara baxılmasını tələb edən bu gün dərc olunmuş qətnamə layihəsinə Avropa Xalq Partiyasının (APP) təşəbbüsü ilə nota əlavə edilib.
“Qətnamədə oliqarx Bidzina İvanişvilinin Saakaşvilinin həbsində şəxsi vendettanın tərkib hissəsi kimi oynadığı fundamental rol vurğulanır.
Buna görə də, Parlament Şuraya və demokratik tərəfdaşlara “Gürcüstanda siyasi prosesin pisləşməsində” roluna görə İvanişviliyə qarşı sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə çağırışını təkrarlayır”, – Avropa Parlamentinin saytında dərc olunan məlumatda qeyd olunur.
Qətnamədə Avropa Parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən ciddi narahatlığını ifadə edir.
Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini azad etməyə və ona xaricdə lazımi tibbi yardım almaq imkanı verməyə çağırır.
Onlar prezident Salome Zurabişvilini konstitusion hüququndan istifadə etməyə və Mixail Saakaşvilini əfv etməyə çağırırlar.
Qətnamədə həmçinin qeyd olunub ki, bu, ölkədə siyasi qütbləşməni də azaldacaq.
“Ölkənin Avropa islahatları istiqamətində irəliləyişi siyasətin mərkəzinə qayıtmalıdır”, – deyə qətnamədə bildirilir.
Avropalı parlamentarilər hesab edirlər ki, keçmiş prezidentin vəziyyətinin davamlı olaraq yaxşılaşdırılmaması Gürcüstanın Aİ üzvlüyünə namizədliyi perspektivlərini ləngitmək riski yaradır.
Avropa Parlamentinin deputatları həmçinin hesab edir ki, ölkənin keçmiş prezident Saakaşvili kimi məhbuslara münasibəti Gürcüstan hökumətinin Avropa dəyərlərinə sadiqliyinə və Avropa İttifaqına namizəd statusu da daxil olmaqla elan etdiyi Avropa istəklərinə lakmus testidir.
Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətinə xatırladırlar ki, onlar ölkə konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq Saakaşvilinin sağlamlığının və rifahının təmin edilməsinə, ona adekvat tibbi yardım göstərilməsinə, onun əsas hüquqlarına və şəxsi ləyaqətinə hörmət edilməsinə cavabdehdirlər.