Azərbaycan Atatürk Mərkəzində Qazax müəllimlər seminariyasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans və Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının təqdimatı keçirilib.
Tədbirdə Atatürk Mərkəzinin, “Qazax Xeyriyyə” İctimai Birliyinin rəhbərliyi və üzvləri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi, Qazax müəllimlər seminariyasının araşdırıcıları, Qazax rayonunun nümayəndələri, tanınmış elm xadimləri iştirak edib.
“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov konfransı giriş sözü ilə açaraq Prezident İlham Əliyevin Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirib. Bugünkü tədbirin həmin tarixi sənədin icrası ilə əlaqədar görülmüş işlərin davamı olduğunu qeyd edib. Eyni zamanda, yazıçı-publisist Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının yeni nəşrinin təqdim olunduğunu bildirib.
“Qoridən gələn qatar” kitabının müəllifi yazıçı-publisist Şəmistan Nəzirli çıxış edərək Zaqafqaziya Müəllimıər Seminariyasının yaranmasını və fəaliyyətini tarixi sənədlər əsasında qələmə aldığından danışıb.