Avropa İttifaqı investisiyalarının müəyyən edilməsi və prioritetləşdirilməsi üçün yaradılan yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasında prioritet məsələlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Qerbxeber.com verilən məlumata görə, iclasda İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, xarici işlər və maliyyə nazirliklərinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizin beynəlxalq maliyyə institutları və Avropa İttifaqı ilə tərəfdaşlığa verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair milli prioritetləri üzrə tədbirlərin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli iqtisadiyyatın təmini, müasir innovasiya sahələrinin qurulması, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək kimi məqsədlərə çatmaq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı zəruri edir. Təqdirəlayiq haldır ki, Avropa Komissiyası tərəfindən irəli sürülən flaqman təşəbbüslər ölkəmizin növbəti onillikdə sosial-iqtisadi inkişafının milli prioritetləri ilə üst-üstə düşür.
İclasda işçi qrupunun qarşısında duran məsələlər müzakirə olunub, Kirali tərəfindən gələcək fəaliyyətlərə dair fikirlər səsləndirilib.