AFFA İntizam Komitəsinin (İK) bu gün növbəti iclası keçirilib.
Toplantıda Topaz Premyer Liqasının XX turundakı qarşılaşmalar müzakirə edilib.
İK “Sumqayıt” – “Neftçi” görüşü ilə bağlı sərt qərarlar verib. 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 800 manat cərimə olunub. “Neftçi” isə 8 üzvü sarı vərəqə ilə cəzalandırılıb və bu, klubun 800 manat cərimələnməsinə səbəb olub.
78-ci dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulan “kimyaçılar”ın qapıçısı Mehdi Cənnətov 3 oyunluq diskvalifikasiyaya məruz qalıb, klubunu isə 2400 manat ziyana salıb. Həmçinin 85-ci dəqiqədə texniki zona qaydalarını pozan “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov növbəti görüşü tribunadan izləməli olacaq. Klub isə buna görə daha 800 manat cərimələnib.
Qarşılaşmanın 82-ci və 84-cü dəqiqələrində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu üzdən “gənclik şəhəri” təmsilçisinə 1600 manat cərimə kəsilib.
“Qəbələ” – “Səbail” matçında isə 4 futbolçusu sarı vərəqə alan ikincilər 800 manat məbləğində cərimələnib. Görüşün 73-cü dəqiqəsində ikinci sarı vərəqə ilə meydançadan qovulan “Qəbələ”nin müdafiəçisi Bəhlul Mustafazadə növbəti qarşılaşmanı buraxacaq. Həmçinin klub ona görə, 200 manat cərimə olunub.