Dünən, martın 7-də ABŞ-ın Rusiyadakı səfirliyi yaxın 48 saat ərzində Moskvada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıq dərc edib.
“Səfirlik ekstremistlərin Moskvada böyük tədbirlərə, o cümlədən konsertlərə hücum planlaşdırması ilə bağlı xəbərləri izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılardan çəkinmələri tövsiyə olunur”- deyə, məlumatda bildirilir. Diplomatik missiya həmçinin yerli KİV-də xəbərləri izləməyi və ətrafdakılarla bağlı diqqətli olmağı tövsiyə edir.
“Vajnie İstorii” (“Mühüm hekayələr”) diplomatların terror aktları ehtimalını qaçılmaz olaraq dəyərləndirməsinə diqqət çəkib. “Müqayisə üçün qeyd edək ki, 2022-ci il fevralın ortalarında ABŞ səfirliyi Rusiyanın Ukraynaya təcavüzünü “qaçılmaz ola bilər” kimi qiymətləndirib. 2022-ci il fevralın 21-də ABŞ diplomatları Rusiyanın Ukraynaya müdaxiləsindən üç gün əvvəl öz səfirliklərini Kyivdən təxliyə etmişdilər”, jurnalistlər qeyd ediblər.
“Kommersant” yazır ki, ABŞ Dövlət Departamenti Rusiyaya səyahət üçün təhlükə səviyyəsini maksimum dərəcəyə – dördə qaldırıb.
Böyük Britaniyanın Rusiyadakı səfirliyi öz X səhifəsində Amerika səfirliyinin mesajını dərc edərək, vətəndaşlara Rusiya Federasiyasına səyahət etməmək tövsiyəsini də xatırladıb.
8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün Moskvada müxtəlif tədbirlər, o cümlədən konsertlər, tamaşalar, sərgilər və master-klasslar nəzərdə tutulub.
VOA (Amerikanın səsi)