“Ayrı bir Fələstin dövləti yaranmadan Yaxın Şərqdə sülhə, o cümlədən İsrailin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil”.
“Qərb Xəbər” məlumat verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində deyib.
O bildirib ki, İsrailin hərbi əməliyyatı başa çatdıqda uzunmüddətli sülhə ehtiyac olacaq:
“Fələstinin siyasi iddiaları təmin olunmayana qədər davamlı sülh, İsrail üçün etibarlı təhlükəsizlik olmayacaq”.
Münaqişə uzanarsa, Birləşmiş Ştatların İsrailə kömək edib-etməyəcəyi sualına Blinken belə cavab verib:
“HƏMAS-ın yenidən hücum edə bilməyəcəyinə əmin olana qədər əməliyyat davam etdirilməlidir”
Dövlət katibi həmçinin vurğulayıb ki, ABŞ İsraillə əməliyyatın vaxtı və üsullarını müzakirə etməyə davam edir.
“Ancaq qərarlar İsrailin ixtiyarındadır”, – Blinken vurğulayıb.
Bundan əvvəl Fələstinin baş naziri Məhəmməd Ştayye demişdi ki, İsrail Fələstinin HƏMAS radikal hərəkatını məhv etmək gücünə malik deyil. Onun sözlərinə görə, hərəkat Fələstin siyasi mozaikasının bir hissəsidir və bu, ona qarşı təzyiq imkanlarını məhdudlaşdırır.