“Bu qanun heç kimə lazım deyil, Moskvanın diktəsindən başqa heç bir şey deyil. Bu qanun Venesiya Komissiyasına göndərilməməli və ləğv edilməlidir”.
“Qərb Xəbər” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-da səfərdə olan ölkə prezidenti Salome Zurabişvili vətəndaşlara müraciətində deyib.
Prezidentin sözlərinə görə, Rustaveli prospektinə toplaşan əhali azad Gürcüstanı təmsil edir:
“Bu axşam mənim də dəfələrlə dayandığım Rustaveli prospektində dayanan insanlara müraciət edirəm. Mən burada Nyu Yorkda dayanmışam və arxamda Azadlıq Heykəli var. Bu, Gürcüstanın həmişə uğrunda mübarizə apardığı, bizim bu günə qədər gəldiyimiz simvoldur. Mən sizin yanınızdayam. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan bu gələcəyi heç kəsin əlindən almasına imkan verməyəcək. Bu gələcək bizim gələcək nəslə məxsusdur. Bu, əvvəlki nəsillərin hazırladığı, həmçinin bizim də hazırladığımız gələcəkdir. Heç kimin sizin gələcəyini səndən almağa haqqı yoxdur. Bu qanun heç kimə lazım deyildi, Moskvanın diktəsindən başqa heç bir şey deyil. Bu qanun Venesiya Komissiyasına göndərilmədən ləğv edilməlidir. Venesiya Komissiyası bunun hansı qanun olduğunu çox gözəl bilir. Mən ilk gündən qeyd etdim ki, bu qanuna veto qoyacam”, – deyə Salome Zurabişvili müraciətində bildirib.