Azərbaycan və Ermənistan çərşənbə axşamı sərhəddə gərgin döyüşlər getməsi ilə bağlı məlumatlar yayıb.

Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin yaralandığını bildirib. Nazirlik, həmçinin, ölənlərin olduğunu deyib, ama onların sayını açıqlamayıb.

Azərbaycan isə iki hərbçisinin yaralandığını deyib.

Hər iki tərəf regionda vəziyyətin gərginləşməsində bir-birini ittiham edir.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı son açıqlamada həmçinin deyilir ki, həlak olan sayı dəqiqləşdirilir, “iki döyüş mövqeyi itirilib”.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır və əlavə edib ki, erməni hərbçilərinin hücumu “dəf edilib”.

Ermənistan XİN bildirib ki, Azərbaycan Silahlı Qüvvələri noyabrın 16-da Ermənistan mövqelərinə hücum edib, ölkə ərazisinə daxil olub və nəticədə insan itkisi baş verib.

Rəsmi Yerevan 1997-ci il ikitərəfli müqaviləsinə uyğun olaraq, ölkə suverenliyinin müdafiəsi çağırışı ilə Moskvaya müraciət edib, Ermənistan İctimai Televiziyasının efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Azərbaycan Müdafiə Nazirliyi hazırda bölgədə vəziyyətin gərgin olduğunu bildirib.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində atəşkəsin pozulması nəticəsində iki hərbçisinin yaralandığını, “erməni hərbçilərini tərksilah etməklə” saxlandığını bildirib.

Ermənistan Azərbaycan ordusuna qabağa getməyə “imkan verilmədiyini” deyib.

Bu arada Ermənistanın “Hraparak” qəzeti Müdafiə Nazirliyində öz mənbələrinə istinadən yazıb ki, Azərbaycan 6 erməni hərbçisini əsir götürüb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanı dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində təxribat törətməkdə ittiham edib, yaralanan hərbçilərinin həyatları üçün təhlükə olmadığını bildirib.

Azərbaycan MN bildirib ki, erməni hərbçiləri bu gün səhər saat 11-dən etibarən dövlət sərhədində yüksəklikləri ələ keçirmək, əlverişli mövqelərə yiyələnmək istəyib və bu məqsədlə qəfil hərbi əməliyyata başlayıb.

Azərbaycan elan edib ki, Ermənistan öz ərazisində Basarkeçər və Qarakilsə rayonlarındakı mövqelərindən Azərbaycanın Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, əks həmlə etməklə “erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib”.

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan hərbçiləri “irəliləməyə çalışıb”, amma onların qarşısı alınıb. Ermənistan Azərbaycanı təxribat etməkdə ittiham edir.

Bu gün səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi demişdi ki, ötən gün axşam saatlarından bu gün səhərədək Ermənistan ordusu sərhəd boyunca Azərbaycanı atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin çərşənbə axşamı yaydığı açıqlamada deyilir ki, Ermənistan ərazilərindəki kəndlərdən Kəlbəcər, Gədəbəy, Tovuz və Ağstafa rayonunda yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub və “qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə adekvat cavab tədbirləri” görülüb.

Azərbaycan Müdafiə Nazirliyi atışma nəticəsində itkilər və ya yaralılar olması barədə məlumat verməyib, yalnız onu əlavə edib ki, hazırda atəşkəsin pozulduğu ərazilərdə “əməliyyat şəraitinə” nəzarət edilir.

Ermənistanın bununla bağlı şərhi məlum deyil, amma rəsmi Yerevan indiyədək Azərbaycanı regionda vəziyyəti gərginləşdirməkdə ittiham edir.

Bundan bir gün qabaq ölkənin Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan hərbçiləri onların ərazisinə giriblər.

Ermənistan Təhlükəsizlik Şurasının iclasından sonra yaydığı bəyanatına görə, Azərbaycan Silahlı Qüvvələri bölmələri zirehli texnika vasitəsilə Ermənistanın suveren ərazisinə müdaxilə etməsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinə məxsus dörd döyüş mövqeyi mühasirəyə düşüb. Lakin sonradan danışıqlar nəticəsində Azərbaycan hərbi texnikası və qoşunu Ermənistan ərazisini tərk edib.

Eyni zamanda, Ermənistan TŞ-nin bəyanatına əsasən, həmin dörd döyüş mövqeyindən, həmçinin, Ermənistan SQ qüvvələri də çıxarılıb, lakin həmin sahədə hələ may ayında Ermənistan ərazisinə müdaxilə etmiş Azərbaycan SQ bölmələri qalmaqdadır.

Azərbaycan “Ermənistanın təxribatlarına müvafiq cavab tədbiri gördüyünü” bildirib. Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib ki, Azərbaycan hərbçiləri hazırda Azərbaycanın “suveren ərazisində xidmət göstərir”.

Ötən şənbə günü Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, “Qaragöl” istiqamətində “cəmləşən” erməni hərbçilərini mühasirəyə alıb, sonradan isə Rusiyanın xahişi ilə onları geri qaytarlıb.

Ermənistan isə yaydığı məlumatda Azərbaycan ordusunun “irəliləmək cəhdinin qarşısını” aldığını bildirmişdi.