Bir neçə gündür, Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsində ağır kəllə-beyin travması xəsarəti alaraq yaddaşını itirən 3-cü dərəcəli qazi Alıyev Elvin Bəhram oğlunun döyüldüyü sosial şəbəkələrdə və saytlarda müzakirə edilirdi.

“Qərb Xəbər”in məlumatına görə, anası Şövkət xanım balasının Ağstafa rayon Polis Şöbəsinin 3-4 əməkdaşı tərəfindən döyüldüyünü iddia edirdi.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Mediaxeberleri.Az-a bildirmişdi ki, faktla bağlı RPŞ-də müvafiq araşdırmalar başlanılıb, tibbi ekspertiza təyin edilib.

Eşqin Qasımov bu gün APA-ya açıqlamasında bildirib ki, Vətən Müharibəsi qazisi, Ağstafa rayon sakini Elvin Alıyevin Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və qazinin xəsarət alması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Məlumat üçün qeyd edim ki, noyabr ayının 12-də Ağstafa RPŞ-nin əməkdaşları icraatda olan araşdırma ilə bağlı rayon sakini Mustafa Qurbanovu şöbəyə dəvət edən zaman qonşuluqda yaşayan Elvin Alıyev polis əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməyə mane olub, nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozub

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Elvin Alıyev müharibə zamanı xəsarət aldığı üçün esterik və epileptik tutmalardan əziyyət çəkir və bu hallar onda tez-tez baş verir. Odur ki, qazinin xəstəxanaya müraciət etməsi polis əməkdaşının onun vurması ilə bağlı deyil qeyd edilən tutmaların nəticəsidir”.