Bu gün Vətən müharibəsi şəhidi İsmayıl Qəsəbovun anım günüdür.

“Qərb Xəbər” xəbər verir ki, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan İ.Qəsəbov noyabrın 12-də doğulduğu Qazax rayonunun Çaylı kəndində dəfn olunub.

O, İsmayıl Qəsəbov 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində anadan olub. 1998-2009-cu illərdə şəhid Elşən Cəfərov adına Qazax rayon Çaylı kənd tam orta məktəbdə təhsil alıb.

Ailəli idi. İki oğlu var.

İsmayıl Qəsəbov 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Azərbaycan Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan İsmayıl Qəsəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Qəsəbov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İsmayıl Qəsəbov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İsmayıl Qəsəbov ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, İsmayıl Qəsəbov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ​ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.