Bu yaxınlarda Şəmkirin Ələsgərli kəndi haqqında paylaşım etdikdən sonra bir neçə mətbuat orqanından mənə zənglər olundu və bəs ora zəng etmişik, bura zəng etmişik məsələ diqqətdədir, falan-filan və s. Düşünürəm ki, qeyd etdikləri bu diqqət məsələsini zaman göstərəcək.

Amma mən bu kəndi, onun ağır sosial vəziyyətini, tamamilə yararsız halda olan infrastrukturunu diqqətdə saxlamağı, ictimailəşdirməyi bir vətəndaş kimi özüm üçün borc bilirəm. Aidiyyatı qurumların bu məsələyə vicdanla, məsuliyyətlə yanaşmağını tələb edirəm.

Qışı ağır keçən və tamamilə Allah ümidinə buraxılan bir yaşayış məntəqəsinin halı ilə oynamaq olmaz. Birinci dərəcədə və təxirəsalınmadan bu kənd diqqətdə olmalı, problemləri sürətli şəkildə həll edilməlidir.

Kəndin içməli su təminatı, İrmaşlı kəndindən başlayan yol xətti asfaltlanmalı, kənd qazlaşdırılmalı (yanacaq), tibb məntəqəsinin fəalliyyəti təmin edilməli, məktəb, sinif otaqları təmir edilməli, istilik şəraiti yaxşılaşdırılmalıdır.