Gəncə şəhərində ikisi azyaşlı olmaqla üç nəfərin ölümü ilə nəticələnən yanğının təfərrüatları müəyyənləşdirilib.

“Qərb Xəbər”in məlumatına görə, şəhərin “Natavan-2” qəsəbəsində qeydə alınan hadisə zamanı evdə olan 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu və onun övladları – 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızı yanaraq dünyasını dəyişiblər.

Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində yaranan qısaqapanma göstərilir. Ehtimal olunur ki, evi isitmək üçün elektrik sobasından istifadə edilib və naqillərdə qısaqapanma yaranıb. B.Məmmədov evdə övladları ilə birgə yaşayıb. Onun həyat yoldaşından qeyri-rəsmi şəkildə ayrıldığı bildirilir.

Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları əşyalarla birgə tamamilə yanıb.