Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

“Qərb Xəbər”in məlumatına görə, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən İsmayıllı və  Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir. 

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda  22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.