Vətən müharibəsi şəhidi, leytenant Məhəmməd Məmmədovun anım günüdür.

“Qərb Xəbər”in məlumatına görə, Məhəmməd Məmmədov 1994-cü il yanvarın 27-də Qazax rayonunun Alpout kəndində anadan olub.

2001-2012-ci illərdə Rəsul Mirzəliyev adına Qazax rayon Alpout kənd tam orta məktəbində təhsil almışdır. 2012-2016-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Tarix-coğrafiya müəllimliyi” üzrə ali təhsil alıb.

Məhəmməd Məmmədov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2017-ci ildən eyni hərbi birləşmənin sıralarında zabit və taqım komandiri olaraq xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan Məhəmməd Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Məmmədov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Məmmədov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.