Qazax rayon Çaylı kənd Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Əvəz Məmmədovun anım günü keçirilib.

“Qərb Xəbər”in məlumatına görə, anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Səməd Seyidov, kənd və rayon ictimaiyyəti iştirak edib.

Əvəz Məmmədov 2001-ci il iyunun 1-də Qazax rayonunun Bala Çaylı kəndində anadan olub.

2007-2018-ci illərdə S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əvəz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Əvəz Məmmədov oktyabrın 7-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Əvəz Məmmədov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.