Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkənin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində olub.

Prezidentin rəsmi saytının yaydığı məlumatına görə, dövlət başçısı Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

Qeyd edək ki, Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Prezident İlham Əliyev həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binalarının ətrafına gül düzüb.