Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasından 1 il ötür.

“Qərb Xəbər”in məlumatına görə, hər iki hərbçi 2020-ci iyulun 14-də səhər saatlarında Tovuz döyüşləri zamanı şəhid olub.

Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olub.

Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.

Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdı.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Qardabani şəhərində anadan olub. Milliyyətcə azərbaycanlı idi.

O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Polad Həşimov və İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda yanaşı dəfn olunub.