“Hər il olduğu kimi, bu il də Qazax rayon sakinləri “ASAN xidmət”in fəaliyyətindən yararlanıblar”.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Qazax Rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, mayın 27-dən iyun ayının 25-ə qədər rayonda olan Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri artıq işini başa vurub.

30 gün müddətində səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar.

Avtobus fəaliyyətə başladığı andan son günə kimi 3846 nəfər vətəndaş müraciət edib. Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri tərəfindən göstərilən xidmətlərdən 3562 nəfər yararlanıb.

Vətəndaşlara Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 107 ünvanında (“Azərpoçt” MMC-nin qarşısı) səyyar xidmət göstəriblər.

Səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub.

Bu xidmətlərə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün), tərcümə xidməti daxil edilib.