Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun məhkəmə iclası keçirilib. 

Qərbxəbər.com məlumat verir ki, hakim Dadaş İmanov iclas zamanı İlkin Süleymanov onun işgəncəyə məruz qalması ilə bağlı video görüntülərin təqdim edilməsi vəsatətini təmin etməyib. 

Daha sonra İlkin Süleymanovun vəkillərindən biri olan Əlibaba Rzayevin onunla bağlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər. Ancaq bu vəsatət də hakim tərəfindən təmin edilməyib.

Davam edən proses zamanı ittiham edilən İlkin Süleymanovun vəkilləri məhkəmədən şahidlər siyahısına daha 10 şahidin əlavə edilməsini xahiş ediblər. Ancaq dövlət ittihamçısı Müşfiq Orucov həmin şahidlərdən birinə etiraz edərək məsələni hakimin etimadına  buraxdığını söyləyib. Məhkəmə isə bu vəsatəti baxılmamış saxlayıb.

İttihamçı tərəfdən çıxış edən zərərçəkmişin hüquqi varisi kimi tanınan Nərmin Quliyevanın atası Şərif Quliyev isə bildirib ki, 2019-cu il noyabrın 21-də məktəbdən gələndən Nərminə əmisigildən gödəkcəsini gətirməyini tapşırıb: “Dedim ki, gözlə, bacın məktəbdən gəlsin, bir yerdə gedərsiniz. Nərmin isə tək getdi”.

Atasının sözlərinə görə, bir saat keçib, Nərmin geri qayıtmayıb. Digər qızı onun dalınca göndərib, həmin qızı gödəkcəni gətirib, amma Nərmini görmədiyini söyləyib: “Elə bildim ki, digər uşaq nənəsigildədir”.

Şərif Quliyev deyib ki, axşam saat 7-də qardaşı qızının xeyir işi ilə əlaqədar qonşu kəndə gedib: “Axşam 9-dan sonra qaynanamgilə gəldim, Nərmini axtardıq, amma o tapılmadı. Saat 10-dan sonra 102 Xidmətinə zəng etdim”.

Ailəsi və yaxınları 17 aydır həbsdə saxlanılan İ.Süleymanovun və bu ölüm işində iştirakını qəti olaraq təkzib edirlər. Onlar bu həbsin qurma və sifarişli olduğunu bildirərək dövlət ittihamçıları tərəfindən bu günə qədər səsləndirilən iddiaların tutarlı dəlillərlə sübuta yetirilmədiyini ifadə ediblər.

Qarşı tərəf isə buna etiraz edib.

Məhkəmənin baxış iclası iyunun 16-na təyin edilib.

Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.