Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 31-də xidməti müşavirə keçirilib.

Rəsmi məlumata görə, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər də iştirak ediblər.

General-polkovnik Z.Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib. O, əməliyyat şəraiti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını və qarşıya qoyduğu vəzifələri müşavirə iştirakçılarına çatdırıb.

Xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı məsələləri xüsusi qeyd edən Müdafiə naziri Ermənistan təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb.